Çində dünyanın ən böyük elektrikli və intellektual konteyner gəmisi istifadəyə verilib
Çinin 10 min tonluq ilk tam elektrikli və intellektual konteyner gəmisi olan "Ning Yuan Dian Kun" çərşənbə günü günorta saatlarında ilk kommersiya səfərinə başlayıb. Ninbo-Çjouşan limanından Çjetsyan əyalətindəki Çzyasin limanına yola düşən gəmi ölkənin sahil daşımalarında "yaşıl enerji" dövrünə keçidi simvolizə edir.
“Seanews.az” xəbər verir ki, tamamilə yerli imkanlarla hazırlanan və elektrik hərəkət sistemi ilə təchiz edilən gəmi sıfır karbon emissiyası, səssiz iş rejimi və yüksək səmərəliliyi ilə seçilir.
Uzunluğu 127,8 metr, eni 21,6 metr olan gəmi 742 TEU (standart 20 futluq konteyner) tutumuna malikdir. Ümumi gücü 20 min kVt/saat olan 10 batareya konteyneri və iki ədəd 875 kVt-lıq mühərriklə təchiz edilən gəminin illik karbon qazı emissiyasını 1462 ton azaldacağı gözlənilir.
Ağıllı naviqasiya sistemi sayəsində gəmi toqquşmalardan müstəqil şəkildə yayına bilir və sahildən idarəetmə mərkəzi ilə inteqrasiya olunmuş şəkildə işləyir.
Layihə çərçivəsində inşa olunan ikinci gəminin - "Ning Yuan Dian Peng"in isə iyunda təhvil verilməsi planlaşdırılır.

