Antverpen limanında yük gəmisi batıb
Antverpen limanındakı Royers şlüzündə qum daşıyan yük gəmisi batıb.
“Seanews.az” xəbər verir ki, şənbə günü gecə saat 00:50 radələrində yanğınsöndürmə xidmətinə Şelda çayı ilə Albert kanalını birləşdirən strateji nöqtədə "Sola Gratia" gəmisinin suya qərq olması barədə məlumat daxil olub. Hadisə ilə əlaqədar genişmiqyaslı fövqəladə xilasetmə əməliyyatı həyata keçirilib. Sudan çıxarılan kapitan və digər heyət üzvü tibbi müayinəyə cəlb olunublar.
Kapitanın sözlərinə görə, gəmi idarəetməni itirdiyi üçün çay kənarındakı lövbər dirəklərinə çırpılıb. Hazırda səlahiyyətli qurumlar hadisənin səbəblərini araşdırır və ətraf mühitin çirklənmə dərəcəsini yoxlayır. Məlumata görə, Şelda çayında batan gəmidən az miqdarda yanacaq sızıntısı başladığı üçün təmizləmə və gəminin sudan çıxarılması əməliyyatlarına start verilib.
Antverpen-Brügge limanının rəsmisi Lennart Verstappen bildirib ki, qəza yeri limandakı hərəkətə mane olmur, çünki Royers şlüzü hazırda genişləndirmə işləri ilə əlaqədar uzunmüddətli təmirdədir. Əgər şlüz fəaliyyətdə olsaydı, batmış gəmi çoxsaylı çay gəmilərinin keçidinə ciddi problem yarada bilərdi.
Bu hadisə aprelin 10-da Antverpenin Deurqankdok rayonunda baş vermiş və bir həftə ərzində gəmiçilikdə fasilələrə səbəb olmuş genişmiqyaslı yanacaq sızıntısından qısa müddət sonraya təsadüf edir. Həmin vaxt sızıntının qarşısını almaq üçün böyük gəmilərin keçdiyi Zandvliet və Berendeçt şlüzləri müvəqqəti bağlanmışdı, lakin təmizləmə işlərindən sonra bütün terminallar artıq fəaliyyətini bərpa edib.

