Bremerhaven limanında yeni nəsil avtovaşıyan körpü dayağına çırpıldı
Bremerhaven limanında manevr edən "CMA CGM Monza" gəmisi güclü küləyin qurbanı olub. Cəmi iki il əvvəl istismara verilən nəhəng avtovaşıyanın gövdəsində ciddi zədə yaranıb.
“Seanews.az” xəbər verir ki, "Kaiserhafen Zwei" yanalma körpüsündən ayrılan 2024-cü il istehsalı olan "CMA CGM Monza" avtovaşıyan gəmisi dənizə doğru hərəkət edərkən gözlənilməz qəza ilə üzləşib. Hava şəraitinin əlverişsiz olması və güclü külək səbəbindən gəmi kapitanı əlavə yedək gəmisinin yardımına müraciət etsə də, bu, toqquşmanın qarşısını almağa kifayət etməyib.
Kanalın ən dar hissəsində — əvvəllər mövcud olmuş yellənən körpünün yerləşdiyi ərazidə manevr edən nəhəng gəmi idarəetməni itirərək körpü dayağına çırpılıb. Zərbə nəticəsində gəminin sağ bortunda, su xəttindən yuxarı hissədə təxminən 2,5 metr uzunluğunda dərin yarıq yaranıb.
Hadisə zamanı dənizə yanacaq sızması qeydə alınmayıb. Lakin insidentin fəsadları gəmi sahibi üçün xoşagəlməz olub: Bremen su polisi gəminin səfərə çıxmasına dərhal qadağa qoyub. Hazırda gəmi kapitanına qarşı inzibati icraat başladılıb və insidentin dəqiq səbəbləri araşdırılır. "CMA CGM Monza" təmirlə bağlı qərar verilənə qədər limanın daxili akvatoriyasında saxlanılır.

