Dünyanın ən böyük yelkənli gəmisi istismara verilib
Fransanın Sen-Nazer şəhərində dünyanın ən böyük yelkənli gəmisi olan “Orient Express Corinthian”ın rəsmi adlandırılma mərasimi keçirilib və gəmi sahibinə təhvil verilib.
“Seanews.az” xəbər verir ki, 220 metr uzunluğa və 15 000 ton dedveytə malik bu unikal gəmi dəniz nəqliyyatının dekarbonizasiyası üçün hazırlanmış “SolidSail” texnologiyası ilə təchiz edilib. Kruiz gəmisinin hər biri 1500 kvadratmetr sahəyə malik üç nəhəng yelkən qurğusu tam avtomatlaşdırılıb və 360 dərəcə dönmə qabiliyyətinə malikdir. Sınaqlar zamanı gəmi təkcə külək gücü ilə 12 uzel sürət yığaraq öz sinfində rekord müəyyənləşdirib.
“Accor” qrupunun əfsanəvi brendi altında fəaliyyət göstərəcək gəmi həm də mayeləşdirilmiş təbii qaz (LNG) ilə işləyən hibrid mühərrik sisteminə malikdir.
Süni intellekt dəstəkli monitorinq sistemi dəniz məməlilərini aşkar edərək toqquşma riskini azaldır, dinamik mövqeləndirmə texnologiyası isə lövbər salmadan gəminin yerində sabit qalmasını təmin edir ki, bu da dəniz dibini qoruyur.
110 sərnişin və eyni sayda heyət üzvü üçün nəzərdə tutulan lüks gəmidə 54 suit otaq, restoranlar, teatr və səsyazma studiyası mövcuddur.
Mayın 2-də ilk səfərinə çıxan gəminin ardınca, onun əkizi olan “Orient Express Olympian”ın 2027-ci ildə təhvil verilməsi planlaşdırılır.

