Rusiyanın yanmış tankeri Liviya sahillərində lövbər salıb
Rusiyanın 2 aydır Aralıq dənizində idarəolunmaz vəziyyətdə sürüklənən "Arctic Metagaz" LNG tankeri nəhayət Liviya sahillərində lövbər salıb.
"Seanews.az" xəbər verir ki, peyk görüntüləri və dəniz izləmə məlumatları 277 metrlik nəhəng tankerin bir neçə gündür Benqazi şəhərindən təxminən 18 dəniz mili məsafədə sabit dayandığını təsdiqləyir. Bu, bir neçə uğursuz yedəkləmə cəhdindən sonra Liviya hakimiyyətinin gəmini nəzarətə götürə bildiyini göstərir.
Hadisələr martın əvvəlində, gəminin Malta yaxınlığında Ukrayna dəniz dronu tərəfindən vurulması ilə başlayıb. Partlayışdan sonra heyət gəmini tərk etmiş, gəmi isə göyərtəsindəki təhlükəli qaz və yanacaq yükü ilə birgə dreyf etməyə başlamışdı. Həftələrlə davam edən fırtına və texniki nasazlıqlar səbəbindən yedək kanatları dəfələrlə qırılmış, tanker dəniz infrastrukturuna və sahil bölgələrinə ciddi ekoloji təhlükə yaratmışdı. Hətta bir müddət əvvəl gəmi tamamilə nəzarətdən çıxdığı üçün naviqasiya xəbərdarlığı elan edilmişdi.
Hazırda Liviyanın Milli Neft Korporasiyası gəmidəki qazın böyük hissəsinin sızdığını və partlayış riskinin azaldığını bildirsə də, qalıq dizel yanacağının başqa gəmiyə köçürülməsi planlaşdırılır. Lakin gəminin gövdəsinin uzunmüddətli fırtınalara nə dərəcədə davamlı olduğu və təhlükəsizlik vəziyyəti hələ də sual altındadır.

