Çittaqonq limanında "Maersk"in konteyner gəmisi fiderlə toqquşub
Banqladeşin Çittaqonq limanının xarici reydində "Maersk" şirkətinə məxsus konteyner gəmisi ilə fider gəmisi toqquşub. Hadisə Sinqapur bayrağı altında üzən 2700 TEU tutumlu "Maersk Chattogram" gəmisi pilot stansiyasına yaxınlaşarkən baş verib.
"Seanews.az" xəbər verir ki, toqquşma nəticəsində gəminin sağ tərəfində gövdə örtüyü ciddi zədələnib və böyük yarıq yaranıb. Gəmi heyətinin verdiyi məlumata görə, zədə yalnız xarici gövdə ilə məhdudlaşıb, mühərrik və sükan idarəetmə sistemləri saz vəziyyətdədir. "Maersk"in yerli nümayəndəliyi bildirib ki, gəmi təmirə göndərilməzdən əvvəl limanda yükünü boşaldacaq.
Toqquşmada iştirak edən digər tərəf – 1999-cu il istehsalı olan "HR Turag" fider gəmisi keçmişdə "Maersk Arun" adı ilə eyni donanmada xidmət edib və 2023-cü ildən Banqladeş bayrağına keçib. Banqladeş Gəmiçilik Departamenti və liman rəhbərliyi insidentlə bağlı araşdırmalara başlayıb.

