Batareya sistemləri daha ağır gəmiçilik sahələrində də tətbiq edilməyə başlayır
"AYK Energy" şirkəti dünyanın ilk batareya enerjisi ilə işləyən özüboşaldan balkeri üçün "Aries+S" sisteminin tədarükü üzrə müqavilə imzalayıb. Bu layihə balker daşımalarında hibridləşmə istiqamətində mühüm addım hesab olunur.
"Seanews.az" xəbər verir ki, 6,758 kVt/saat tutumlu batareya sistemi Avstraliyanın "CSL Australia" şirkəti üçün Çin tərsanəsində inşa edilən 11 min dedveytlik (dwt) "Yampu" gəmisində quraşdırılacaq. "Wärtsilä" şirkəti ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən layihədə dizel-elektrik konfiqurasiyasından istifadə olunur. Batareyalar və sahildən alınan enerji gəminin ümumi enerji tələbatının təxminən yarısını qarşılayacaq. Gəminin dizaynı gələcəkdə tam elektrikli istismara keçid üçün də imkan yaradır.
"AYK Energy"nin təsisçisi Kris Krügerin sözlərinə görə, ənənəvi olaraq yüksək yanacaq sərfi və uzun əməliyyat dövrləri səbəbindən balkerlərin elektrikləşdirilməsi çətin olsa da, bu layihə batareyaların uzaq məsafəli daşımalarda da tətbiq oluna biləcəyini sübut edir.
"Yampu" gəmisi Cənubi Avstraliyada "Adbri Cement" şirkəti üçün əhəngdaşı daşınmasında istifadə olunacaq və istismar müddəti başa çatan "Accolade II" gəmisini əvəz edəcək. Yeni gəmi ildə 2,7 milyon ton yük daşımaq qabiliyyətinə malikdir ki bu da sələfi ilə müqayisədə 35% çoxdur.
Hibrid sistemlərin bərə və yedək gəmilərindən sonra balkerlərdə tətbiqi gəmi sahiblərinin emissiyaları azaltmaq üçün alternativ həllərə marağının artdığını göstərir.

