Yapon gəmi sahibləri "Aframax" tankerlərini tarixi rekord qiymətə satır
Yaponiyanın "Nissen Kaiun" şirkəti tanker bazarında artan aktiv dəyərlərindən yararlanaraq müasir "eco-aframax" gəmilərini rekord qiymətlərlə satışa çıxarıb. Ötən həftəsonunun ən çox müzakirə edilən sövdələşməsi 2018-ci il istehsalı olan "Pusaka Borneo" tankeri ilə bağlı olub.
"Seanews.az" xəbər verir ki, 109,000 dwt-lik, skrabberlə təchiz edilmiş bu gəmi 76,5 milyon dollara satılaraq yeddi yaşlı "aframax"lar üçün indiyədək qeydə alınan ən yüksək qiymət rekordunu qırıb.
Rekord sövdələşmə ilə yanaşı, "Pusaka Borneo" ilə eyni tip gəmi olan "Southern Reverence"in də təxminən 75 milyon dollara satıldığı bildirilir. Bu, fraxt bazarlarındakı dalğalanmalara baxmayaraq, müasir tonnajlı gəmilərə olan güclü tələbatı bir daha təsdiqləyir.
"Aframax"ların gündəlik spot qazancları mart ayında 225 000 dollara qədər yüksələrək orta hesabla 136 000 dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2025-ci ildə bu rəqəm cəmi 50 000 dollar idi. Hazırda may ayının ilk günlərində orta qazanc 150 000 dollar səviyyəsindədir.

