Dünyada ilk dəfə gəmilərdə "ağıllı" yanalma sistemi tətbiq olunacaq
Gəmiçilik sahəsində təhlükəsizliyi yeni səviyyəyə qaldırmaq üçün rəqəmsallaşma və avtonom idarəetmə istiqamətində mühüm addım atılır. Norveçin "Brim Explorer" şirkəti "Zeabuz" ilə əməkdaşlıq çərçivəsində dünyada ilk dəfə olaraq bütün donanmasını "Zeawatch Docking Assist" — süni intellekt əsaslı yanalma yardımı sistemi ilə təchiz edəcəyini açıqlayıb.
"Seanews.az" xəbər verir ki, sistemin əsas özəlliyi kapitanın görmə zonasından kənarda qalan ("kor nöqtələr") sahələri 4D radarlar və yüksək dəqiqlikli kameralar vasitəsilə tam nəzarətə götürməsidir. Bu texnologiya gəmi heyətinə dar limanlarda və mürəkkəb sahil infrastrukturunda yanalma əməliyyatlarını santimetr dəqiqliyi ilə həyata keçirməyə imkan verəcək. Gecə vaxtı, dumanlı hava və çətin iqlim şəraitində belə sistem ətraf mühitin dinamik xəritəsini yaradaraq kapitanın qərarvermə qabiliyyətini artıracaq.
Sistemin ilk quraşdırılması 2026-cı ilin üçüncü rübündə "MS Bre" gəmisində nəzərdə tutulub. Ən vacib məqamlardan biri isə bu texnologiyanın yalnız yeni gəmilər üçün deyil, həm də istismarda olan mövcud gəmilərə asanlıqla inteqrasiya edilə bilməsidir. Bu yenilik dənizçilikdə insan amili ilə bağlı riskləri sıfıra endirmək yolunda ən ciddi texnoloji sıçrayışlardan biri hesab olunur.

