Kanada özünün ən böyük okeanoqrafik tədqiqat gəmisini istismara verib
Kanada Milli Gəmiqayırma Strategiyası və dəniz elmi sahəsində mühüm bir mərhələyə qədəm qoyub. Şimal ölkəsi özünün ən böyük okeanoqrafik tədqiqat gəmisi olan "CCGS Naalak Nappaaluk"u rəsmi olaraq istismara verib.
“Seanews.az” xəbər verir ki, bu müasir gəmi Vankuver tərsanəsində 1,4 milyard Kanada dollarına (təxminən 1 milyard ABŞ dolları) inşa edilib. 88 metr uzunluğundakı "CCGS Naalak Nappaaluk" Atlantik və Şimal buzlu okeanlarında genişmiqyaslı tədqiqatların aparılması üçün Yeni Şotlandiya əyalətindəki Dartmut limanında lövbər salıb.
Gəmi xüsusi missiyalara uyğun dəyişdirilə bilən modul işçi göyərtəsi, okean nümunələrinin götürülməsi otağı, ixtisaslaşdırılmış laboratoriyalar, seysmik kompressorlar və dərin dəniz məlumatlarının toplanması üçün qabaqcıl sonar sistemləri ilə təchiz edilib. Eyni zamanda axtarış-xilasetmə və ekoloji reaksiya missiyalarını da yerinə yetirə bilən gəmi 34 heyət üzvü və 26 alimi qəbul etmək imkanına malikdir.
Adını inuit ağsaqqalı Naalak Nappaalukdan alan və dənizdə fasiləsiz 10 həftə qala bilən bu üzən platforma 2022-ci ildə istismardan çıxarılan 60 yaşlı "CCGS Hudson" gəmisini əvəz edib və ən azı növbəti 30 il ərzində Kanadanın şərq sahillərində əsas elmi tədqiqat bazası olacaq.

