Çin dünyada ilk sürətli batareya dəyişdirmə texnologiyasına malik gəmini istismara verib
Çində batareyası dəyişdirilə bilən dünyada ilk standart modullu gəmi – "Hetun Weilan 01" Anhui əyalətinin Vuhu və Çaohu limanları arasında birinci kommersiya yük səfərini uğurla başa vurub. 3000 dwt daşıma gücünə malik daxili su nəqliyyatı gəmisi 49 standart konteyner daşıyıb.
"Seanews.az" xəbər verir ki, ənənəvi dəniz yanacağı əvəzinə modullu akkumulyator sistemi ilə işləyən gəmi hər biri 430 kVt/saat gücündə olan altı ədəd dəyişdirilə bilən batareya ilə təchiz edilib. Bir batareyanın dəyişdirilməsi təxminən 5 dəqiqə, bütün sistemin yenilənməsi isə 30 dəqiqədən az vaxt aparır ki, bu da yanacaqdoldurma ilə bağlı yaranan gözləmə müddətini əhəmiyyətli dərəcədə azaldır.
Gəmi Çin Təsnifat Cəmiyyətinin (CCS) müvafiq sertifikatlarını, həmçinin "Bureau Veritas" və DNV kimi nüfuzlu beynəlxalq təsnifat cəmiyyətlərinin prinsipial rəsmi razılıqlarını alıb.
Sistemin əsasını eyni batareyaların gəmilərdə, quru nəqliyyat vasitələrində və sahildəki enerji saxlama obyektlərində istifadəsinə imkan verən modullu enerji platforması təşkil edir. Gəminin sahibi olan "Sandianshui New Energy Technology" şirkəti bu infrastrukturun gəmilər, liman yük maşınları, avtoyükləyicilər və sənaye enerji saxlama sistemləri arasında ortaq istifadəsini nəzərdə tutan vahid şəbəkə yaratmağı hədəfləyir.
"Hetun Weilan 01" gəmisi avtomobil sektorundan uyğunlaşdırılan və 370-dən çox patentlə qorunan bu texnologiya ilə yanaşı, elektrik mühərrik sistemi, 360 dərəcəlik vizual nəzarət təmin edən toqquşma əleyhinə platforma və avtomatik yanalma avadanlıqları ilə təchiz olunub.

