RINA enerji toplayan və “yaşıl” enerji təchizatçısına çevrilə biləcək gəmi layihəsinə “prinsipial təsdiq” verib
İtaliyanın təsnifat cəmiyyəti RINA Böyük Britaniyanın “Drift Energy” startapının hazırladığı enerji toplayan gəmi konsepsiyasına “prinsipial təsdiq” - AiP (Approval in Principle) sertifikatı verib.
“Seanews.az” xəbər verir ki, layihə dənizdə hərəkət zamanı “yaşıl” hidrogen istehsal edib onu limanlara və digər istifadəçilərə çatdırmağı nəzərdə tutur.
Şirkətin planına əsasən, ilk gəmi 2027-ci ildə istifadəyə veriləcək. “Drift Energy” artıq 30-dan çox gəmi üçün sifariş portfelinin formalaşdığını bildirir.
Konsepsiyaya görə, gəmilər okeandakı külək enerjisindən istifadə edərək gövdəaltı hidrokinetik turbinlər vasitəsilə elektrik enerjisi istehsal edəcək. Daha sonra bu enerji elektroliz yolu ilə “yaşıl” hidrogenə çevrilərək gəmidə saxlanılacaq. Hidrogen həm konteynerlərlə sahilə çatdırıla, həm də birbaşa digər gəmilərə bunker yanacağı kimi ötürülə biləcək.
Layihədə süni intellekt əsaslı marşrut sistemi də tətbiq olunacaq. Bu texnologiya gəmilərə ən əlverişli hava şəraitini izləyərək enerji istehsalını maksimum artırmağa imkan verəcək.
RINA bildirib ki, bu, enerji toplayan gəmi konsepsiyası üçün verilən ilk AiP sertifikatıdır və layihənin mövcud təhlükəsizlik standartlarına uyğun olduğunu təsdiqləyir.

