Neapol limanında Ro-Pax tipli bərədə yanğın baş verib
İtaliyanın Neapol limanında təmirdə olan Ro-Pax tipli “GNV Phoenix” bərəsində baş vermiş yanğın söndürülüb.
“Seanews.az” xəbər verir ki, hadisə çərşənbə günü axşam saatlarında gəminin yeddinci göyərtəsində qeydə alınıb.
Yanğın zamanı gəmidə olan 85 nəfər təhlükəsiz şəkildə təxliyə edilib, xəsarət alan olmayıb. Alovla mübarizəyə yanğınsöndürmə gəmisi, yedək gəmiləri və İtaliyanın yanğın xidməti cəlb olunub.
Ehtiyat tədbiri olaraq Neapol şəhər rəhbərliyi sakinlərə küçəyə çıxmamağı və havalandırma sistemlərindən istifadə etməməyi tövsiyə edib.
Yanğın cümə axşamı səhər saatlarında tam nəzarətə götürülüb və alovun gəminin digər hissələrinə yayılmasının qarşısı alınıb. Hadisə ilə bağlı təmizləmə və araşdırma işləri davam edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

