Yeni supertanker sifarişləri 2008-ci ilin rekordunu üstələyib
Dünyada gəmi sahiblərinin sifariş etdiyi yeni neft supertankerlərinin sayı rekord həddə çataraq 2008-ci ildə qeydə alınmış əvvəlki zirvəni geridə qoyub.
“Seanews.az” xəbər verir ki, “Clarksons” şirkətinin məlumatına görə, hazırda dünya tərsanələrində hər biri 2 milyon barel xam neft daşımaq gücünə malik 262 supertanker sifariş mərhələsindədir.
Mütəxəssislər bildirirlər ki, son dövrdə tanker bazarında müşahidə olunan yüksəlişdə Yaxın Şərqdəki gərginlik və Hörmüz boğazındakı vəziyyət mühüm rol oynayıb. Münaqişə fonunda tanker daşımalarının tarifləri bir neçə dəfə artıb və bəzi hallarda tarixi maksimumlara çatıb.
Bununla yanaşı, bazar iştirakçıları yeni sifarişlərin həddindən artıq artmasının gələcəkdə tonnaj bolluğuna və yükdaşıma tariflərinin enməsinə səbəb ola biləcəyindən ehtiyat edirlər. Analitiklər xatırladırlar ki, 2008-ci ildəki sifariş bumu sonradan tanker bazarında uzunmüddətli böhrana yol açmışdı.
Sənaye nümayəndələri yeni sifarişləri qismən yaşlanan donanmanın yenilənməsi və sanksiyalar altında fəaliyyət göstərən gəmilərin yaratdığı çatışmazlıqla əlaqələndirirlər. Məlumata görə, dünya supertanker donanmasının orta yaşı son 25 ildən çox müddətdə ən yüksək səviyyəyə çatıb. Bununla yanaşı, gəmiçilik sektorunda ümumi yeni gəmi sifarişlərinin həcmi də son 14 ilin maksimum göstəricisini nümayiş etdirir.

