Norveç “yaşıl” gəmilər üçün yeni qrant paketi elan edib
Norveç hökuməti yeni “yaşıl” gəmi sifarişlərini dəstəkləmək məqsədilə növbəti maliyyə dəstəyi mərhələsini açıqlayıb.
“Seanews.az” xəbər verir ki, yeddi yerli dənizçilik şirkətinə ümumilikdə 130 milyon dollardan çox qrant ayırılıb. Şirkətlər ümumilikdə 10 emissiyasız gəmi sifarişi vermə prosesindədir.
Planlaşdırılan 10 gəmidən 6-sı batareya ilə, 2-si hidrogenlə, 2-si isə ammonyakla işləyəcək. Bu layihələr Norveç sularında istifadə olunacaq və hazırda tikilməkdə olan 22 digər “yaşıl” gəmiyə əlavə ediləcək.
Məlumata görə, qrantların ən geniş hissəsi elektrik (batareya ilə işləyən) gəmi layihələrinin geniş spektrini əhatə edir və bu sahə üzrə bir neçə fərqli şirkət maliyyə dəstəyi alıb. “Eitzen Group” və onun “Zen” bölməsi iki il ardıcıl olaraq batareya-elektrik konteyner gəmiləri üçün qrant alıb. Bu il “Zen” 20 milyon dollar, ötən il isə oxşar məbləğdə dəstək əldə edib. Gəmilərin hər biri 100 MWh batareya gücünə malik olacaq və 2029-cu ildə istismara veriləcəyi gözlənilir.
Digər layihələrdən biri “Nordic Sea Concept” şirkətinin Norveç fyordlarında işləyəcək tam elektrik kruiz gəmisidir.
“Seistar” isə balıq daşınması və emalı üçün emissiyasız işləyən elektrik gəmi və infrastruktur üçün 13,6 milyon dollar qrant alıb.
Hidrogen və ammonyak layihələri üçün isə təxminən 80 milyon dollar ayrılıb. “LH2 Shipping” iki maye hidrogenlə işləyən yük gəmisi, Bergen Tankers isə ammonyakla işləyən tankerlər sifariş edib.
Hesablamalara görə, bu layihələr ildə 46 min tondan çox CO₂ emissiyasının qarşısını alacaq. Norveç dənizçilikdə xüsusilə batareya-elektrik texnologiyalarında lider ölkələrdən biri hesab olunur.

