“Oceanbird” ilk qanad yelkəni prototipini dənizdə sınaqdan keçirib
İsveçin “Oceanbird” şirkəti kommersiya gəmiləri üçün hazırladığı ilk qanad yelkəni prototipinin quraşdırılması və dəniz sınaqlarını uğurla başa çatdırıb.
“Seanews.az” xəbər verir ki, “Wing560” sistemi “Wallenius Wilhelmsen” şirkətinə məxsus 230 metr uzunluğundakı “Tirranna” avtomobildaşıyan gəmisinə Rotterdamdakı “Damen Shipyard” tərsanəsində quraşdırılıb.
Gəmi yeni sistemlə ilk səfərinə çıxıb və limanla dəniz qəbul sınaqlarını uğurla tamamlayıb.
Hündürlüyü 46 metr, eni 14 metr olan sərt qanad yelkəni külək enerjisindən istifadə etməklə gəminin hərəkətinə dəstək verir və yanacaq sərfiyyatı ilə emissiyaların azaldılmasına kömək edir. Şirkət yaxın vaxtlarda real istismar şəraitində sistemin səmərəliliyini qiymətləndirmək üçün gəmidən toplanacaq məlumatları təhlil edəcək.
Quraşdırma layihəsi DNV tərəfindən sertifikatlaşdırılıb.

