“Wallenius Wilhelmsen” metanolla işləyən iri avtomobildaşıyan gəmini təhvil alıb
“Wallenius Wilhelmsen” yeni “Shaper Class” seriyasının ilk gəmisi olan "Arctic Tern" avtomobil daşıyıcısını təhvil alıb. Şirkət bunu həm özü, həm də avtomobildaşıyan gəmi sənayesi üçün mühüm mərhələ kimi qiymətləndirir.
“Seanews.az” xəbər verir ki, Çindəki “China Merchants Jinling Shipyard” tərsanəsində inşa edilən 228 metr uzunluğa, 15 750 ton dedveytə malik gəmi metanolla işləyə bilən ikiyanacaqlı mühərriklə təchiz olunub və şirkətin xalis sıfır emissiyalı nəqliyyat xidmətlərinə keçid strategiyasının tərkib hissəsidir.

"Arctic Tern" 9 300 CEU (minik avtomobili ekvivalenti) tutumlu altı gəmidən ibarət seriyanın ilk nümayəndəsidir. Şirkət, həmçinin tutumu 11 700 CEU olan daha səkkiz gəmi sifariş edib. Yeni seriyanın bəzi gəmiləri gələcəkdə ammonyak yanacağına keçid üçün də uyğunlaşdırılır.
Marşal Adaları bayrağı altında üzən gəmi Asiya–Avropa marşrutunda “EUKOR Car Carriers” tərəfindən istismar olunacaq və yaxın vaxtlarda ilk metanol bunkerləmə əməliyyatını həyata keçirəcək.
Şirkətin məlumatına görə, “Shaper Class” gəmiləri daha yüksək yükdaşıma qabiliyyəti, aşağı yanacaq sərfiyyatı və enerji səmərəliliyini artıran texnologiyalarla təchiz edilib. Onlarda sahildən elektrik enerjisi ilə qidalanma (shore power), gövdənin hava ilə yağlanması sistemi (ALS), manevr zamanı enerji sərfiyyatını azaldan batareya sistemi və günəş panelləri də nəzərdə tutulub.

