ABŞ qazını Avropaya daşıyan LNG tankeri kiberhücum şübhəsi ilə geri dönüb
ABŞ-dən Avropaya təbii qaz daşıyan “Vivit Africa LNG” tankeri ekipajın bəzi daxili idarəetmə sistemlərinə çıxışını itirməsindən sonra İtaliya sahillərindən İspaniyaya doğru istiqamət götürüb. Hadisənin kiberhücum nəticəsində baş verdiyindən şübhələnilir.
“Seanews.az” xəbər verir ki, LNG tankeri bu ayın əvvəlində Aralıq və Adriatik dənizlərindən keçərək İtaliyaya doğru hərəkət edərkən ekipaj sistem nasazlığı barədə məlumat verib. Gəminin LNG yükünü İtaliyanın Roviqo limanına çatdırması nəzərdə tutulsa da, tanker yükünü boşaltmadan İtaliya sahillərində qalıb. Daha sonra İspaniyanın Alxesiras limanına doğru hərəkətə başlayıb.
İtaliya Sahil Mühafizəsi gəminin yük parametrlərinin monitorinqi üçün istifadə olunan sistemlərdə nasazlıq yarandığını və təhlükəsiz naviqasiya üçün texniki müdaxiləyə ehtiyac olduğunu bildirib. Nasazlığın səbəbi hələ müəyyən edilməyib və hadisənin kiberhücumla əlaqəli olduğu rəsmən təsdiqlənməyib.
“Vivit Africa LNG” yükünü Luizianadakı “Cameron LNG” terminalında qəbul edib. Hadisə ilə bağlı araşdırma davam edir və mümkün kiberhücumun arxasında kimin dayandığı məlum deyil.


