Sinqapur sahillərində quru yük gəmisi Çin balıqçı gəmisi ilə toqquşub
Sinqapur sahillərində mürəkkəb gəmi hərəkəti şəraitində “First Margaux” adlı quru yük gəmisi Çin bayraqlı “Luqing Yuanyu 108” balıqçı gəmisi ilə toqquşub.
“Seanews.az” xəbər verir ki, hadisə sentyabrın 17-də, təxminən saat 09:00-da baş verib. Quru yük gəmisinin burnu balıqçı gəmisinin sağ arxa hissəsinə toxunaraq onu yana doğru itələyib. Nəticədə balıqçı gəmisi kəskin şəkildə sola əyilib və əsas göyərtəsinə su dolub.
Buna baxmayaraq, balıqçı gəmisi batmayıb və AIS siqnalını ötürməyə davam edərək yaxınlıqdakı yanalma məntəqəsinə çatıb. Hadisə nəticəsində xəsarət alan və ya ölən olmayıb.
Toqquşmadan sonra “First Margaux” təxminən iki saat qərbə doğru 10 düyün sürətlə hərəkət edib, daha sonra dayanaraq geri dönüb və lövbər salıb.
Panama bayrağı altında üzən gəmi 80 min ton dedveyti olan, Yaponiyaya məxsus və Çində idarə olunan quru yük gəmisidir.


