ABŞ-nin 50 nüvə enerjili ticarət gəmisindən ibarət donanma planı irəliləyir
Böyük Britaniyada yerləşən nüvə enerjisi şirkəti “Core Power” ABŞ-də 50 nüvə enerjili ticarət gəmisindən ibarət donanmanın yaradılmasını nəzərdə tutan layihə üzərində işləyir. Şirkət ABŞ Dəniz Administrasiyası ilə bu istiqamətdə 7 illik razılaşma imzalayıb.
“Seanews.az” xəbər verir ki, layihə çərçivəsində LNG tankerləri və konteyner gəmilərindən ibarət donanmanın yaradılması nəzərdə tutulur. Bir gəminin təxmini dəyəri 700 milyon dollar olacaq. Bu, ənənəvi mühərrikli analoji gəminin təxminən 250 milyon dollarlıq qiymətindən xeyli yüksəkdir.
Bununla belə, nüvə enerjili gəmilərin daha aşağı yanacaq xərcləri, dənizdə daha uzun müddət qalma və yüksək sürətlə hərəkət imkanları hesabına istismar səmərəliliyinin daha yüksək olacağı bildirilir. “Core Power” hesab edir ki, eyni həcmdə yükün daşınması üçün ənənəvi gəmilərin ümumi tonnajı nüvə enerjili donanmadan 66% daha çox olmalıdır.
Gəmilərin gövdələrinin Yaponiya və Cənubi Koreyada, nüvə enerji qurğularının isə ABŞ-də yaradılacaq xüsusi gəmiqayırma müəssisəsində quraşdırılması planlaşdırılır. Bu müəssisənin Texas ştatının Korpus-Kristi şəhərində yerləşməsi nəzərdən keçirilir.
Layihə üzrə ilk gəminin 2033-cü ildə təhvil verilməsi planlaşdırılır.
ABŞ nəqliyyat naziri Şon Daffi layihəni Çinin gəmiçilik sahəsində artan rəqabətinə cavab kimi qiymətləndirir. Belə ki, Çin dövlət şirkəti “Jiangnan Shipyard” iyun ayında Şanxayda keçirilən “Marintec China” sərgisində 25 000 TEU tutumlu nüvə enerjili konteyner gəmisinin inşasına başlayacağını açıqlayıb.

