Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-21,
Seanews
Heyder Eliyev

"Diana Shipping" "Panamax" gəmisinin fraxt dərəcəsini 63% artırıb

ABŞ-də listinqdə olan Yunanıstanın "Diana Shipping" şirkəti "Stone Shipping" ilə əməkdaşlığı çərçivəsində "Atalandi" adlı "Panamax" tipli quru yük gəmisinin çarter müqaviləsini daha yüksək fraxt dərəcəsi ilə uzadıb.

"Seanews.az" xəbər verir ki, 2014-cü ildə inşa edilmiş 77 529 dedveyt daşıma qabiliyyətinə malik buz sinifli gəmi 2026-cı il avqustun 5-dən etibarən gündəlik 16 500 ABŞ dolları (5% komissiya çıxılmaqla) məbləğində gəlir gətirəcək. Müqavilə minimum 2027-ci il avqustun 1-dək qüvvədə olacaq.

Yeni razılaşmaya əsasən, gəminin gündəlik fraxt dərəcəsi əvvəlki 10 100 ABŞ dolları ilə müqayisədə 6 400 ABŞ dolları və ya 63% artıb. Şirkət bu müqavilənin minimum müddəti ərzində təxminən 5,89 milyon ABŞ dolları həcmində ümumi gəlir əldə etməyi planlaşdırır.

Hazırda "Diana Shipping" şirkətinin donanmasına 36 quru yük gəmisi, o cümlədən 5 "Panamax" tipli gəmi daxildir. Şirkət, həmçinin, 2027 və 2028-ci illərdə təhvil alınması nəzərdə tutulan 2 metanol ilə işləyən ikiyanacaqlı (dual-fuel) "Kamsarmax" tipli yeni gəmi sifariş edib.

Şirkət cari il ərzində bir sıra digər gəmiləri üzrə də daha yüksək fraxt dərəcələri ilə yeni çarter müqavilələri bağlayaraq gəlirlərini artırmağa nail olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır