“Caroline Bezengi” tankerinin xilasetmə əməliyyatı başlayıb
Omanın cənub-qərbində, Cəzirət əl-Qibliyyah adasının sahillərində qayalığa oturan “Caroline Bezengi” tankerində qalan xam neftin çıxarılması üzrə xilasetmə əməliyyatı başlayıb.

“Seanews.az” xəbər verir ki, əməliyyata “EDT Kennedy” çoxməqsədli dəniz təchizat gəmisi və “Astro Sculptor” yedək-təchizat gəmisi cəlb olunub. Gəmilərin əsas vəzifələrindən biri tankerdəki neftin təhlükəsiz şəkildə çıxarılmasıdır. Bunun üçün “EDT Kennedy” gəmisindən “Caroline Bezengi”nin arxa hissəsinə nasos avadanlığı helikopterlə daşınır, həmçinin ağır rezin boru xətti çəkilir.

Oman Hərbi Hava Qüvvələrinə məxsus NH90 helikopteri də əməliyyata dəstək verir. Hazırda neftin qəbul ediləcəyi tanker ərazidə görünməsə də, ilkin mərhələdə neftin tankerin bir çənindən digərinə vurularaq gəminin sabitliyinin təmin edilməsi və daha çox əyilməsinin qarşısının alınması planlaşdırılır.

Son peyk görüntüləri “Caroline Bezengi”dən dənizə sızan neftin miqdarının azaldığını göstərir. Xilasetmə işlərinin əlverişli hava şəraitində davam etdirilməsi gözlənilir.
Xatırladaq ki, “Caroline Bezengi” tankerinin iyunun 8-də Yəmənin Mukalla şəhəri yaxınlığında göyərtəsində partlayış baş verdikdən sonra problemlə üzləşdiyi bildirilir. Gəmi iyunun 23-də isə Oman sahillərində, Cəzirət əl-Qibliyyah adası yaxınlığında qayalığa oturub. Tankerin qeydiyyatda olan sahibi “Rentoor Shipmanagement Ltd”, meneceri isə “Villar Shipmanagement Ltd”dir.

