Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-24,
Seanews
Heyder Eliyev

Cənubi Koreya tərsanələri Cənub-Şərqi Asiya ölkələrindən mütəxəssislər cəlb etmək məcburiyyətindədir

Sifarişlərin çoxluğu və işçi qüvvəsi çatışmazlığı fonunda Cənubi Koreya tərsanələri Cənub-Şərqi Asiya ölkələrindən mütəxəssisləri cəlb etmək məcburiyyətindədir. Məsələn, “Hanwha Ocean” şirkəti Vyetnam hökuməti ilə təlim və işə qəbul sahəsində əməkdaşlığa dair müqavilə imzalayıb.

"Seanews.az" xəbər verir ki, bununla bağlı “Maritime Executive” nəşri yazıb: “2010-cu illərdə gəmiqayırmada tənəzzül zamanı Şərqi Asiya gəmiqayırma zavodları on minlərlə işçini işdən çıxardı və indi yeni kadr tapmaq çətinləşib. Cənubi Koreya bu boşluğu digər ölkələrdən, əsasən də Cənub-Şərqi Asiyadan mütəxəssislər işə götürməklə doldurur. Taylandın Əmək Nazirliyinin məlumatına görə, Cənubi Koreya gəmiqayıranları 2023-cü ildə təkcə bu ölkədən 4,5 min ixtisaslı işçinin işə götürülməsində maraqlı olduqlarını bildiriblər. Vyetnamın öz gəmiqayırması və bu sənayedə köklü mütəxəssisləri var. Son bir ildə gəmiqayırma zavodlarında işləmək üçün Cənubi Koreyaya gələn bütün xarici mütəxəssislərin yarısı vyetnamlıdır”.

“Hanwha Ocean” şirkəti kadr ehtiyaclarını ödəmək üçün  birbaşa Vyetnam hökumətinə müraciət edib. Bu yolla “Hanwha Ocean”  ixtisaslı Vyetnam işçiləri üçün davamlı işə qəbul proqramı yaratmağa ümid edir.

Cənubi Koreyanın gəmiqayırma sənayesi artan tələbatı ödəmək və sifarişləri vaxtında yerinə yetirmək üçün 2025-ci ilədək təxminən 35 000 mütəxəssisi işə götürməli olacaq. Ölkəyə dəvət edilən mütəxəssislər üçün viza proqramını təkmilləşdirməyə ən azı iki il vaxt lazım olacaq - 2022-ci ilin sonunda Cənubi Koreyanın miqrasiya xidmətləri gəmiqayırma zavodlarında işləmək üçün ölkəyə gələn 1 mindən çox vyetnamlının saxta sənədlərini üzə çıxarıb.

Keçən ilin payızında kəskin kadr çatışmazlığı və artan sifariş fonunda Cənubi Koreyanın bir neçə gəmiqayırma zavodu “Korea Shipbuilding & Offshore Engineering” (“KSOE”) və onun törəmə şirkətlərinə qarşı yüksək ixtisaslı mütəxəssisləri şirnikləndirməkdə ittiham edərək antiinhisar orqanlarına şikayət etmişdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır