“NewNew Shipping Line” 2024-cü ildə Şimal Dəniz Yolu boyunca xəttə daha 8-10 konteyner gəmisi buraxmağı planlaşdırır
Çin gəmiçilik şirkəti “NewNew Shipping Line” 2024-cü ildə Şimal Dəniz Yolu boyunca xəttə daha 8-10 konteyner gəmisi buraxmağı planlaşdırır.
“Seanews.az” xəbər verir ki, bu barədə şirkətin nümayəndəsi Ke Szin Şərq İqtisadi Forumunda bildirib. Onun sözlərinə görə, 2023-cü ilin sonuna kimi daha 10 səfər həyata keçiriləcək.
Ke Szin qeyd edib ki, səfərlər rentabelli olub, Şimal Dəniz Yolu boyu daşınmalar Şanxaydan Sankt-Peterburqa (gediş-gəliş) ənənəvi marşrutla müqayisədə vaxta da 20 günədək qənaət etməyə imkan verir.
Xatırladaq ki, 2023-cü ilin iyulunda Çin gəmiçilik şirkəti “Newnew Shipping Line” Çin ilə Arxangelsk limanları, Sankt-Peterburq Böyük Limanı və Kalininqrad arasında Şimal Dəniz Yolu boyunca müntəzəm konteyner xətti açıb. Tranzit vaxtı 25 gündur. Hazırda xətdə dörd konteyner gəmisi işləyir.