Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Kurık limanında dibdərinləşdirmə işlərinə başlanılıb

Qazaxıstanın Kurık limanında dibdərinləşdirmə işlərinə başlanılıb.

“Report” bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

“Gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün Kurık limanı akvatoriyasında dibdərinləşdirmə işləri aparılır. Dəniz dibinin 1,5-2 metr dərinləşdirilməsi planlaşdırılır. Bu məqsədlə Avropanın “Jan de Nul” şirkəti ilə bağlanmış EPC müqaviləsi əsasında xüsusi dibdərinləşdirmə texnikası cəlb edilib. Müqaviləyə dibdərinləşdirmə işlərinin layihələndirilməsindən tutmuş “açar təhvili” üsulu ilə təhvil verilməsi daxildir”, - məlumatda bildirilib.

Qeyd edilib ki, dibdərinləşdirmə işləri terminalların tutumunun daha da artırılmasına şərait yaradacaq.

Hazırda Kurık limanının ötürmə qabiliyyəti 6 milyon tondur (dəmir yolu terminalı - 4 milyon ton, avtomobil terminalı - 2 milyon ton). Limanda eyni vaxtda 250 yük maşının saxlanması da mümkündür.

Analoji işlər Aktau limanında da aparılacaq.

“Bu işlər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı çərçivəsində həyata keçirilən tədbirlər kompleksinin tərkib hissəsidir və bu istiqamətdə yüklərin daşınmasına artan tələbatın ödənilməsinə imkan yaradacaq”, - məlumatda bildirilib.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropa ölkələrinə qədər uzanır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti dəhlizin bir hissəsidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır