Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Son bir neçə ildə Norveç 2 mindən çox balinanı öldürüb

Norveçdə balina ovu bu istiqamətdə dünyanın ən böyük və ölümcül sənayesidir. Təkcə 2020-2023-cü illər arasında Norveçdə 2 mindən çox balina öldürülüb.

Bu barədə "Report"a Balina və Delfinləri Mühafizə Cəmiyyətinin kommunikasiya şöbəsinin rəhbəri Denni Qrovs məlumat verib.

Onun sözlərinə görə, hələ 1986-cı ildə kommersiya məqsədli balina ovuna qadağa qoyulmasına baxmayaraq, Norveç də daxil olmaqla bir sıra ölkələr o vaxtdan bəri 40 minə yaxın iri balinanı öldürüb.

"Norveçin balina ovu dünyanın ən ölümcül ovudur. Alimlər uzun illərdir Norveçin balina ovu sənayesinin davamlılığına dair narahatlıqlarını ifadə etsələr də, ölkə balinaların sayını hesablamaq üçün öz metodundan istifadə edir. Bu da onlara daha çox balina öldürməyə imkan verir", - D.Qrovs bildirib.

Ekofəal nümunə olaraq kiçik zolaqlı balinaları göstərib. O qeyd edib ki, bu balina növü nəsli kəsilmək təhlükəsi altında olan növ kimi təsnif edilməsə də, bu məməlinin həyatı və miqrasiyası ilə bağlı araşdırmalarda böyük boşluqlar var.

Onun sözlərinə görə, tədqiqatçılar Norveçdə bu balinaların sayının azalması ilə bağlı ciddi narahatlıq ifadə edirlər. Kiçik zolaqlı balinalar balıqçılıq alətlərinə düşmə, kimyəvi və səs-küy çirklənməsi, gəmilərlə toqquşma kimi bir çox insan fəaliyyətinin təsirinə məruz qalırlar.

"2000-2015-ci illər arasında Norveç balina ovçuları tərəfindən öldürülən zolaqlı balinaların 68 % dişi idi", - D.Qrovs bildirib.

O qeyd edib ki, tədqiqatlara görə, balina ovu amansız üsullarla həyata keçirilir və nəticədə onların çoxu yavaş-yavaş və əzab çəkərək ölür.

D.Qrovs balinaların okean ekosisteminin mühüm hissəsi olduğunu vurğulayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır