Aktau limanında konteyner qovşağı üçün 24 hektar ərazi hazırlanıb
Qazaxıstanın Aktau limanında konteyner qovşağının tikintisi üçün 24 hektar ərazinin təmizlənməsi işləri başa çatıb.
“Seanews.az” xəbər verir ki, bu barədə Qazaxıstan Dəmir Yollarının “Teleqram” kanalı məlumat yayıb.
Bildirilir ki, əraziyə 313 min tondan çox torpaq daşınıb. Şaquli planlaşdırma işləri 65% yerinə yetirilib. 100-dən çox xüsusi texnika cəlb olunub. İş iki növbə ilə aparılır.
Limanda dərinləşdirmə işləri də nəzərdə tutulub ki, bu da terminalının gücünü artıracaq, konteyner daşımalarını daha səmərəli edəcək. Yeni mərkəzin limanın ötürmə qabiliyyətini ildə 240 000 TEU-ya çatdıracağı gözlənilir.
Aktau limanında konteyner qovşağının yaradılması layihəsi Çin və Qazaxıstan hökumətlərinin dəstəyi ilə “Bir kəmər, bir yol” qlobal təşəbbüsü çərçivəsində həyata keçirilir. 2024-cü ildə Sian şəhərində (ÇXR) 8-ci “Beynəlxalq İpək Yolu” sərgisində “KTZ Express” ASC (Qazaxıstan Dəmir Yollarının törəmə şirkəti), “Lianyungang Port Group” MMC və “Aktau Dəniz Ticarət Limanı” SC "Aktau limanında konteyner qovşağının tikintisi" layihəsinin həyata keçirəcək birgə müəssisənin yaradılması üçün təsis sənədlərini imzalayıblar.
Qeyd edək ki, Aktau dəniz limanı Xəzər dənizinin şərq sahilində, Qazaxıstan, İran, Azərbaycan, Rusiya və Türkiyəni birləşdirən nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Liman quru yüklərin, xam neftin və neft məhsullarının aşırılmasını təmin edir.