Mahaçqala limanında yeni taxıl terminalı üçün zəruri avadanlıq Çindən tədarük ediləcək
Mahaçqala Dəniz Ticarət Limanının baş direktoru Camal Əliyev Çinin “Famsun Group” şirkəti ilə müvafiq əməkdaşlıq sazişi imzalayıb.
“Seanews.az” xəbər verir ki, “Famsun Group” kənd təsərrüfatı məhsullarının - taxıl və bitki yağının saxlanması və aşırılması üçün terminallara avadanlıq istehsal edir. Şirkət Mahaçqala limanında yeni taxıl terminalının tikintisi üzrə əsas təchizatçıya çevriləcək.
İllik yükaşırma gücü 1,5 milyon ton və saxlama qabiliyyəti 100 min tona qədər olan yeni taxıl terminalının tikintisi hazırkı məhsuldarlığı təxminən dörd dəfə artıracaqdır.
Qeyd edək ki, limanın modernləşdirilməsi çərçivəsində mövcud yanalma körpülərində əsaslı təmir və yenidənqurma işlərinin aparılması, həmçinin Mahaçqala dəniz keçid məntəqəsinin tikintisinin başa çatdırılması planlaşdırılır. Layihəyə yeni dəmir yolu xətlərinin və 6,2 km uzunluğunda limana dördzolaqlı ayrıca giriş yolunun tikintisi daxildir.