Britaniya sahillərində tankerlə konteyner gəmisi toqquşub
Şimal dənizində Portuqaliya bayrağı altında üzən “Solong” konteyner gəmisi “Crowly” şirkətinə məxsus ABŞ bayrağı altında üzən “Stena Immaculate” neft tankeri ilə toqquşub. Hadisə zamanı tanker lövbərdə olub.
“Seanews.az” xəbər verir ki, toqquşma bazar ertəsi Şərqi Yorkşirdə baş verib. Hadisədən sonra tankerin göyərtəsində bir neçə partlayış səsi eşidilib, daha sonra hər iki gəmi alovlanıb. Yanğının hələ də davam etdiyi bildirilir.
“Crowly” açıqlamasında qeyd edib ki, toqquşma nəticəsində tankerin yük anbarı zədələnib və yanacaq ətrafa dağılıb.
Britaniya sahil mühafizəsi 36 nəfərin xilas edildiyini, bir nəfərin isə xəstəxanaya aparıldığını bildirib. Həmçinin məlum olub ki, “Solong” yük gəmisinin ekipaj üzvlərindən biri itkin düşüb.
“MarineTraffic”-in məlumatına görə, lövbərdə dayanmış “Stena Immaculate” tankeri Yunanıstandan gəlib, “Solong” isə Şotlandiya limanından Rotterdama gedirmiş.
Tankerin heyət üzvlərindən biri BBC-yə bildirib ki, konteyner gəmisi təxminən 16 düyün sürətlə “Stena Immaculate”-ə çırpılıb.
Dəymiş zərər və tələfat barədə hələlik dəqiq məlumat verilməyib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.