“MOL” gəmiçilik şirkəti “LBC Tank Terminals”-ın səhmlərini 1,7 milyard dollara alacaq
“Mitsui O.S.K. Lines” (“MOL”) gəmiçilik şirkətinin Direktorlar Şurası “LBC Tank Terminals”-ın (“LBC”) səhmlərinin 100%-ni almaq qərarına gəlib.
“Seanews.az” xəbər verir ki,aktivin alınması “MOL”-un kimyəvi logistika sahəsində biznesinin gücləndirilməsi zərurəti ilə izah olunur.
Razılaşma əldə edilib və alqı-satqı əməliyyatı bu ilin iyununda həyata keçiriləcək.Təxmini alış qiyməti 1,7 milyard dollardır. Əməliyyatın bağlanması tənzimləyici antiinhisar orqanlarından icazə və təsdiqlərin alınmasından asılıdır.
“LBC” ilk növbədə kimyəvi maddələrin emalı və saxlanması sahəsində ixtisaslaşmış böyük şirkətlərdən biridir. Dünyanın aparıcı kimyəvi mərkəzlərində: Avropada (Antverpen və Rotterdam) və Meksika körfəz sahilində (Hyuston, Friport və Baton Ruj) yeddi terminalı fəaliyyət göstərir. Bu çən terminallarının ümumi tutumu təxminən 3 milyon kubmetrdir.
Bütün terminallar dəmir yolu və avtomobil nəqliyyatı üçün yanalma qurğuları, boru kəmərləri və yükləmə sistemləri ilə təchiz edilmişdir.
Qeyd edək ki, belə bir aktivin əldə edilməsi “MOL”-un biznesin inkişafı strategiyasının bir hissəsidir. Şirkət 2019-cu ildə “Nordic Tankers” və 2024-cü ildə “Fairfield Chemical Carriers”-in səhmlərini alaraq kimyəvi tankerlər sahəsində fəaliyyətini genişləndirib.