Asiya regional xətləri Meksikaya can atır
Yeddi regional Asiya və Yaxın Şərq konteyner daşıyıcısı Meksika bazarına daxil olmaq üçün birləşib.
“Seanews.az” “Loadstar”-a istinadən xəbər verir ki, söhbət Çinin “Sinotrans Container Lines” (“SCL”), Tayvanın “TS Lines”, ərəblərin “SeaLead Shipping” və “Emirates Shipping Line”, Taylandın regional “Container Lines” (“RCL”), Cənubi Koreyanın “KMTC Line” və Asiya-Meksika Ekspresi (“AMX”) xidmətini işə salan “Sinokor Merchant Marine” şirkətlərindən gedir.
Bu marşrut üzrə hər bir operator 2,8 min TEU tutumlu konteyner gəmisindən istifadə edir. Gəmilər Şanxay - Sindao - Busan - Mansanillo – Şanxay ardıcıllığı ilə limanlara yan alır.
"RCL” öz növbəsində, “Ganta Bhum” konteyner gəmisini bu marşrutda yerləşdirəcək və xidməti “RCL Far East-Latin America” kimi bazara çıxaracaq", - deyib Tayland daşıyıcısı.
Çindən səfərlərin tranzit müddəti 23-35 gün, Busandan isə 21 gün olacaq.
Qeyd edək ki, “Sinokor” üçün Meksikaya xidmət yarandığı 1989-cu ildən ilk olacaq, “KMTC Line” üçün isə 1985-ci ildə trans-Sakit okean xidmətlərinin “HMM”-ə “köçürülməsindən” sonra marşruta qayıdışdır.