Hayfonda yeni konteyner terminalı 18 min TEU tutumlu gəmiləri qəbul edə biləcək
Laç Huyen limanında (Hayfon, Vyetnam) yeni dərin dəniz konteyner terminalı “Hateco Haiphong International Container Terminal”-in (“HHIT”) açılış mərasimi keçirilib.
“Seanews.az” xəbər verir ki, layihə “Hateco Group” və “APM Terminals” (“A.P. Moller-Maersk”) tərəfindən dövlət-özəl tərəfdaşlıq çərçivəsində reallaşdırılıb.
Terminal iki dərin su körpüsündə tutumu 18 min TEU-dək olan konteyner gəmilərini qəbul edə biləcək. Burada, xüsusən, Danimarkanın “A.P. Moller-Maersk” və Almaniyanın “Hapag-Lloyd” şirkətlərinin gəmiləri ilə yeni “Gemini Cooperation” şəbəkəsi çərçivəsində çatdırdığı yüklərə xidmət göstəriləcək.
“Vyetnam terminalının tikintisində “APM Terminals”-ın təhlükəsizlik, limanın avtomatlaşdırılması, süni intellekt, proseslərin optimallaşdırılması və əməliyyatların ətraf mühitə uyğunluğu sahələrindəki təcrübəsindən istifadə edilib”, - deyə şirkətin açıqlamasında bildirilir.
Mərasim zamanı “Hateco” və “APM Terminals” Hayfon limanı və logistikasında, Vyetnamın digər strateji yerlərində sərmayə və əməliyyatlarda strateji tərəfdaşlıqlarını dərinləşdirmək və genişləndirmək üçün Anlaşma Memorandumu imzalayıblar.
Qeyd olunur ki, yeni “HHIT” terminalı Avropa ilə Vyetnam arasında ticarət və mədəni əlaqələrin dərinləşməsinə mühüm töhfə verəcək.