“ZIM” 11500 TEU tutumlu 10 konteyner gəmisini icarəyə götürəcək
İsrailin xətti gəmiçilik şirkəti “ZIM Integrated Shipping Services” (“ZIM”) hər birinin tutumu 11500 TEU olan on iki yanacaqlı konteyner gəmisi üçün uzunmüddətli taym-çarter müqaviləsi imzalayıb.
“Seanews.az” xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Konteyner gəmiləri Çinin “Zhoushan Changhong” tərsanəsində tikiləcək və 2027-2028-ci illərdə istismara verilməsi planlaşdırılır.
Amerikanın Nasdaq birjasının məlumatına görə, LNG ilə işləyə biləcək bu gəmilərin icarəyə götürülməsi üçün ümumilikdə təxminən 2,3 milyard dollar ödəniləcək.
Yeddi konteyner gəmisi “Containers Ventures Holdings” şirkətindən (“TMS Group”-un törəmə müəssisəsi), üçü isə 2024-cü ilin sonuna qədər “ZIM”-in ən böyük səhmdarı olan “Kenon Holdings”-ə bağlı gəmiçilik şirkətindən icarəyə götürüləcək. İcarəyə götürülmüş gəmilər müxtəlif marşrutlarda xidmət göstərəcək.
“ZIM”-in prezidenti və baş icraçı direktoru Eli Qlikman bildirib ki, şirkət genişlənmə strategiyasının bir hissəsi olaraq öz donanmasında gəmilərin sayını artırır. 2021 və 2022-ci illərdə 46 yeni gəmi sifariş edilib.
“ZIM Integrated Shipping” konteyner yüklərinin iri xətti daşıyıcılarından biridir. Şirkətin gəmiləri dünyanın 180 limanına və 10 yükaşırma məntəqəsinə yan alır. “ZIM”-in aktiv donanması təxminən 140 gəmidən ibarətdir. Bunlardan yalnız 8-i şirkətə məxsusdur, qalanları uzunmüddətli taym-çarterdədir.