Estoniyalı sahibkarlar Sillamae limanını rusiyalı tərəfdaşlardan alıblar
Estoniyanın keçmiş Baş naziri Tiit Vahi və bir sıra səhmdarlar Estoniyadakı Sillamae limanını rusiyalı tərəfdaşlar Qleb Katkov və Yevgeni Maslovdan alıblar. Əməliyyatın 2025-ci il aprelin 7-də baş tutduğu və payın 50%-nin ruslardan alındığı bildirilir.
“Seanews.az” “ERR” agentliyinə istinadən xəbər verir ki, nəticədə limanın sahibi Estoniyanın “AS Silmet Grupp Sillamäe Sadam” şirkəti olub. Sövdələşmənin məbləği açıqlanmayıb.
Tiit Vahinin jurnalistlərə verdiyi məlumata görə, 2022-ci ildən bəri Sillamae limanında tranzit həcmi bir neçə dəfə azalıb ki, bu da iqtisadi göstəricilərə mənfi təsir edib. Estoniyalı sahiblər limanın gələcək inkişafı perspektivlərini hələlik qeyri-müəyyən görsələr də, tranzitin bərpasına ümid edirlər.
Sillamäe limanı (Silport) Estoniyanın ikinci, Baltikyanı ölkələrdə isə beşinci ən böyük dəniz ticarət limanıdır. Sərhəddən 25 km məsafədə yerləşən bu liman Rusiyaya ən yaxın Aİ limanıdır. Ərazisi 750 hektar, körpülərdə dərinlik 16 metr, gücü ildə 10 milyon tondan artıqdır. 2005-ci ildə beynəlxalq daşımalara açılan limanda dörd terminal fəaliyyət göstərir.