Süveyş kanalından keçən gəmilərin sayı artıb
Gəmilərin Süveyş kanalından keçməsi ilə bağlı vəziyyət bir qədər yaxşılaşmağa başlayıb.
“Seanews.az” xəbər verir ki, su yolu administrasiyasının rəhbəri Usamə Rabia “RİA Novosti”-yə belə deyib.
"Yanvar və fevral ayları ilə müqayisədə mart ayında gəmiçilikdə cüzi irəliləyiş var. Süveyş kanalından keçən gəmilərin sayı yanvar ayı ilə müqayisədə 2,4%, kanalın gəlirləri isə 8,8% artıb", - o bildirib.
Kanalın istismarından əldə edilən maliyyə gəlirləri Misir büdcəsinin əsas gəlir mənbələrindən biridir. Bununla belə, 2023-cü ilin payızından Misir kanaldan istifadədən gəlirlərini itirir, çünki bir çox gəmi husilərin hücumundan qorxaraq marşrutlarını dəyişmək məcburiyyətində qalır.
Xatırladılır ki, 2024-cü ildə husilərin hücumları səbəbindən Qırmızı dənizdən keçən konteyner gəmilərinin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 90% azalmışdı.