“CMA CGM” gəmiçilik şirkəti Latakiya limanın inkişafına 260 milyon dollar sərmayə qoyacaq
Fransanın “CMA CGM” gəmiçilik şirkəti yeni dərin sulu yanalma körpüsünün tikintisi də daxil olmaqla, Latakiya limanının idarə edilməsi və inkişafı üçün Suriya hökuməti ilə 30 illik müqavilə imzalayıb.
“Seanews.az” xəbər verir ki, yeni körpünün uzunluğu 1,5 km, dərinliyi 17 metr olacaq.
Şirkət limanın inkişafına təxminən 260 milyon dollar sərmayə qoyacaq.
Sazişin şərtlərinə əsasən, Suriya hökuməti liman əməliyyatlarından əldə ediləcək gəlirin 60%-ni, “CMA CGM” isə 40%-ni alacaq.
“CMA CGM” bildirib ki, şirkət xidmətlərə artan tələbatı ödəmək və regionda təchizat zəncirlərini gücləndirmək üçün terminalı genişləndirməyə çalışacaq. Müqavilənin ilk ilində limanın inkişafına təxminən 34 milyon dollar xərclənəcək və dörd il ərzində yanalma körpüsü tikiləcək.
Qeyd edək ki, Latakiya limanı Suriyanın əsas dəniz qapısıdır. “CMA CGM” 2009-cu ildə limanda konteyner terminalının istismarına başlayıb. Müqavilə sonuncu dəfə ölkə Bəşər Əsəd tərəfindən idarə olunanda - 2024-cü ilin payızında uzadılıb.