Qazaxıstan Xəzərin dayazlaşması ilə bağlı Rusiya və Azərbaycanla danışıqlar aparır
Xəzər dənizinin su təchizatının təxminən 90 faizi Rusiya Federasiyası ərazisindən çay axını ilə formalaşır, bu həcmin 85 faizə qədəri isə Volqa çayının payına düşür.
AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstanın su təsərrüfatı və irriqasiya naziri Nurjan Nurjigitov bildirib.
Nazir qeyd edib: “2013-cü ildən beş Xəzəryanı dövlət xüsusi işçi komissiyası yaradıb. COP29 çərçivəsində Bakıda keçirilən sonuncu iclasda bu komissiya birgə bəyannamə qəbul edib. Xəzər dənizi ilə bağlı bütün məsələlər yaradılan komissiya çərçivəsində nəzərdən keçirilir”.
O həmçinin qeyd edib ki, Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi ilə bağlı vəziyyət ciddi narahatlıq doğurur. Nazir əlavə edib: “Biz suyun səviyyəsinin azalmasından narahatıq, ona görə də ikitərəfli formatda həm Rusiya Federasiyası, həm də Azərbaycanla müvafiq iş aparırıq”.