“AD Ports Group” Qazaxıstanda çoxməqsədli terminal layihəsinə və ticarət gəmilərinin tikintisinə sərmayə qoyur
Qazaxıstanın “KazMunayGas” (“KMG”) neft şirkəti ilə 2022-ci ilin dekabrında bağlanmış strateji tərəfdaşlıq sazişinə əsaslanaraq, “AD Ports Group”-un icraçı direktoru və baş direktoru Mohamed Juma Al Shamisi və “KMG”-nin Direktorlar Şurasının sədri Ashat Hasanov şirkətin Xəzərdə və dünya sularında ticarət donanmasının genişləndirilməsinə dair saziş imzalayıblar.
“Seanews.az” xəbər verir ki, “AD Ports” və “KMG” hazırda Xəzər dənizində istismar ediləcək və hər birinin tutumu 780 TEU olan dörd dayaz sulu konteyner gəmisinin istismara verilməsi üzərində işləyirlər. Tərəflər həmçinin Qazaxıstanın enerji sektorunun inkişafı maraqları üçün dörd “Aframax” neft tankerinin tikintisinə sərmayə qoymağı planlaşdırırlar.
“AD Ports”, “KMG” şirkətinin rəhbərliyi və “Semurg Invest” şirkətinin baş direktoru Nurjan Marabayev arasında Kurık dəniz limanında “Sarja” Çoxməqsədli Terminalının (“SMT”) layihələndirilməsi, işlənməsi, maliyyələşdirilməsi və istismarı üzrə birgə müəssisənin yaradılmasına dair ilkin saziş mübadiləsi aparılıb. “SMT” terminalı ümumi yüklərin, konteynerlərin və quru yüklərin aşırılması ilə məşğul olacaq. “Semurq İnvest” şirkəti ilə yaradılan ayrıca birgə müəssisə Kurık limanında illik layihə gücü 1,5 ton olan taxıl terminalını inkişaf və istismar edəcək.
Terminal layihəsi və gəmi tikintisi müqavilələrinə əlavə olaraq, “AD Ports” ticarətin inkişafı imkanlarını araşdırmaq üçün Qazaxıstanın “Kazakh Invest” ticarət inkişaf qrupu, Qazaxıstan Beynəlxalq Ticarət Palatası və “Aktau Dəniz Limanı” AİZ ilə razılaşma sənədi də imzalayıb.
Sazişlər “AD Ports”-a Şərq-Qərb İpək Yolunun “Orta Dəhliz” adlanan hissəsini Çindən Mərkəzi Asiya və Pakistan vasitəsilə Avropaya müasir, birbaşa quru nəqliyyat marşrutuna çevirmək üçün əsas mərkəz olan Qazaxıstanda investisiya və əməliyyatları genişləndirməyə imkan verəcək.
Bu günə qədər “AD Ports” Qazaxıstandakı layihələrə 175 milyon dollar sərmayə qoyub. Xüsusilə, neft nəqli sahəsində “KMG” ilə əməkdaşlıq müsbət nəticələrini verib. Ötən ildən iki tanker Xəzər dənizi ilə 1 milyon tondan çox, dörd tankerdən ibarət birgə donanma isə Qara dəniz vasitəsilə 6 milyon tondan çox neft daşıyıb.
“AD Ports”-un məlumatında deyilir ki, cari investisiyaları və təxminən 600 milyon dollar dəyərində qiymətləndirilən gələcək layihələri nəzərə alsaq, qrupun Qazaxıstandakı layihələrə planlaşdırılan ümumi investisiyası 775 milyon dollar təşkil edəcək.
2022-ci ildən Orta Asiyaya və “Orta Dəhliz” boyunca yerləşən digər regionlara da böyük sərmayə qoyan qrupun aktivlərinə hazırda Gürcüstanın Tbilisi şəhərində inteqrasiya olunmuş quru limanı və Pakistanın Kəraçi limanında bir çox ümumi yük və konteyner aşırma körpüləri də daxildir.
Qeyd edək ki, 2006-cı ildə yaradılmış “AD Ports Group” (BƏƏ) logistika, liman infrastrukturu və azad iqtisadi zonaların idarə edilməsi üzrə ixtisaslaşmışdır.