Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-19,
Seanews
Heyder Eliyev

Suriya Tartus limanını idarə etmək üçün “DP World” qrupu ilə müqavilə imzalayıb

Suriyanın yeni hökuməti və Əmirliyin logistika operatoru “DP World” Tartus limanında çoxfunksiyalı terminalın inkişafı, idarə edilməsi və istismarı üçün 800 milyon dollar dəyərində anlaşma memorandumu imzalayıb.

“Seanews.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Suriyanın “SANA” dövlət agentliyi məlumat yayıb.

Tartus Suriyanın Qırmızı dənizdə yerləşən ikinci ən böyük limanıdır. Prezident Bəşər Əsədin dövründə liman Rusiyanın “STG Engineering” şirkəti tərəfindən idarə olunurdu və Suriya hökumətinin şirkətlə 2019-cu ildə imzaladığı investisiya müqaviləsində şirkətin limanı 49 il idarə etməsini və onun modernləşdirilməsinə 500 milyon dollardan çox sərmayə qoymasını nəzərdə tuturdu. Suriyanın yeni hakimiyyət orqanları investisiya sazişini bu ilin yanvarında ləğv edib.

Hazırkı Suriya hökuməti ilə Əmirliyin logistika qrupu arasında razılaşma Tartus limanı ərazisində sənaye mərkəzləri və azad iqtisadi zonaların yaradılması üzrə birgə işi də nəzərdə tutur. Dubay hökumətinə məxsus olan “DP World” dünyanın ən böyük liman operatorlarından biri hesab olunur.

Memorandumun imzalanması ABŞ prezidenti Donald Trampın Suriyaya qarşı tətbiq edilən sanksiyaları ləğv etmək qərarından sonraya təsadüf edir. Amerika administrasiyasının rəhbəri Səudiyyə Ərəbistanına səfəri zamanı müvafiq bəyanatla çıxış edib. Onun sözlərinə görə, sanksiyaların ləğvi ilə bağlı qərar Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla məsləhətləşmələrdən sonra verilib. Tramp Ər-Riyadda Suriya prezidenti Əhməd əş-Şara ilə də qısa görüş keçirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır