“Hapag-Lloyd” şirkətinin mənfəəti artıb
2025-ci ilin yanvar-mart aylarında Almaniyanın “Hapag-Lloyd” gəmiçilik şirkətinin mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 45,2% artaraq 469 milyon dollar (463 milyon avro), gəliri 15,3% artaraq 5,3 milyard dollar təşkil edib.
“Seanews.az” xəbər verir ki, qrupun rüblük hesabatında belə deyilir.
Birinci rübdə faiz, vergi, amortizasiya xərclərindən əvvəlki gəliri (EBITDA) 17,1% artaraq 1,1 milyard dollara, əməliyyat gəliri 487 milyon dollara (+23,6%) çatıb.
Xətti daşıma seqmentində rüblük gəlir 5,2 milyard dollara (+15,3%) yüksəlib.
Qrupun terminal və infrastruktur seqmentində hesabat dövrü üçün EBITDA 36 milyon ABŞ dolları, EBIT isə 15 milyon ABŞ dolları təşkil etmişdir. Bundan əlavə, Havr limanındakı “CNMP LH” terminalında nəzarət paketinin alınması “Hapag-Lloyd”-a Fransa bazarına strateji əhəmiyyətli çıxışı təmin edib.
Bu gün “Hapag-Lloyd” şirkətinin donanması 113 xəttə xidmət edən 299 konteyner gəmisindən ibarətdir. Daşınan konteyner yüklərinin ümumi həcmi orta hesabla 2,3 milyon TEU-ya, ümumi konteyner tutumu isə 3,7 milyon TEU-ya çatır. “Hapag-Lloyd” 11 ölkədə 21 konteyner terminalını idarə edir.