

"Desan" və "MSC" Rumıniya tərsanəsi uğrunda rəqabətə girib
Türkiyənin MİLGEM (Milli Gemi) layihəsində iştirak edən “Desan” Gəmiqayırma şirkəti Rumıniyanın “Damen Mangalia” tərsanəsinin icarəyə verilməsi ilə bağlı keçirilən tenderdə ciddi rəqabətlə üzləşib. Bu tenderdə dünyanın ən böyük dənizçilik şirkətlərindən biri olan Mediterranean Shipping Company (MSC Group) da iştirak etməyə hazırlaşır.
“Damen Mangalia” tərsanəsi uzun müddətdir, maliyyə böhranı yaşayır. 2024-cü il 28 fevral tarixində 200-dən çox əməkdaş işdən çıxarılıb, 1000-dən artıq əməkdaş isə 31 may tarixinədək işsizlik müavinəti ilə təmin olunub. Mövcud vəziyyəti nəzərə alan “Damen Mangalia” rəhbərliyi istehsal gücü və işçi heyətinin icarəyə verilməsi məqsədilə “Desan” ilə danışıqlar aparıb. Hazırda isə tenderdə ikinci iddiaçı kimi çıxış edən “MSC Group” bu prosesdə “Desan” ilə rəqabətə girib.
Qeyd edək ki, “Desan” və “MSC” arasında Rumıniyanın “Damen Mangalia” tərsanəsi uğrunda gedən mübarizə təkcə ticari deyil, həm də strateji xarakter daşıyır. Tenderin qalibi həmin ərazidə Avropa və qlobal dənizçilik bazarına təsir edə biləcək yeni istehsal gücü əldə etmiş olacaq.