

Qlobal gəmiqayırma sənayesində yeni sifarişlər yarıbayarı azalıb
2025-ci ilin yanvar-may ayları ərzində qlobal gəmiqayırma sənayesində yeni gəmi sifarişlərinin həcmi 2024-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 50%-dək azalıb.
"Seanews.az" bu barədə "Clarksons Research"-in məlumatlarına istinadən xəbər verir.
Konteyner gəmilərində sifarişlər 11% azalma ilə 169 ədədə enib. Neft tankerleri seqmentində isə vəziyyət daha ağırdır: sifariş həcmi 65% azalaraq cəmi 75 ədədə düşüb. LNG (mayeləşdirilmiş təbii qaz) daşıyan gəmilər üzrə sifarişlərdə 55% azalma müşahidə olunub, cəmi 18 gəmi sifariş edilib.
Ən kəskin geriləmə avtomobil daşıyan gəmilər və soyuducu gəmilər seqmentlərində qeydə alınıb. Avtomobil daşıyan gəmilərin sifariş həcmi 85% azalaraq cəmi 4 gəmiyə, soyuducu gəmilər üzrə sifarişlər isə 77% azalma ilə 1 ədədə enib.
Ekspertlərə görə, qlobal iqtisadi yavaşlama, enerji bazarlarında qeyri-müəyyənliklər və ticarət əlaqələrində dəyişikliklər gəmiqayırma bazarındakı tələbatın azalmasına əsas səbəbdir. Bu isə sektorda yeni investisiyaların və iş yerlərinin yaranmasını risk altına alır.