

Tekirdağda quru yük gəmisi saya oturub
Rumıniyadan Əlcəzairə gedən "ANGY R" adlı quru yük gəmisi Türkiyənin Tekirdağ vilayətində sahilə yaxın ərazidə saya oturub.
"Seanews.az" xəbər verir ki, hadisədən dərhal sonra Türkiyə Sahil Təhlükəsizliyi Baş İdarəsinə məxsus xilasetmə gəmiləri bölgəyə göndərilib.
İdarənin verdiyi məlumata görə, ilkin baxış zamanı gəminin sahildən təxminən 30 metr məsafədə, 7 metr dərinlikdə saya oturduğu müəyyən edilib. Rəsmi qurumlar bölgədə hər hansı dəniz çirklənməsinin baş vermədiyini bildiriblər.
Gəmi kapitanı ilə aparılan danışıqlarda 22 nəfərlik heyətin sağlamlıq vəziyyətinin yaxşı olduğu və yardıma ehtiyaclarının olmadığı qeyd edilib.
Hadisə ilə bağlı Liman İdarəsi gəminin agentliyi ilə əlaqə saxlayaraq inzibati araşdırmaya başlayıb. Araşdırmanın nəticəsindən asılı olaraq, gəmiyə inzibati tədbirlər tətbiq oluna bilər.