Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-10,
Seanews
Heyder Eliyev

Husilərin hücumuna məruz qalan “Magic Seas” gəmisinin batdığı təsdiqlənib - VİDEO

Yəməndəki Husi silahlı qruplaşması iyulun 6-da Yunanıstana məxsus “Magic Seas” quru yük gəmisinə hücum etdikdən sonra gəminin batdığını göstərən görüntüləri yayıb.

"Seanews.az" xəbər verir ki, videoda onların gəmi ilə VHF rabitəsi vasitəsilə əlaqəyə keçməyə çalışdığı, daha sonra gəminin heyət tərəfindən tərk edildiyi və gəminin ələ keçirildiyi əks olunur. Daha sonra gövdəyə yerləşdirilən partlayıcı qurğuların işə salınması nəticəsində gəminin batdığı göstərilir. Bu görüntülər daha əvvəl oxşar şəkildə hücuma məruz qalan “Sounion” tankerindəki hadisəni xatırladır. Həmin gəmi sonradan AB Dəniz Qüvvələrinin iştirakı ilə aparılan əməliyyat nəticəsində xilas edilmişdi.

Bu hadisə 2023-cü ilin noyabrından bəri Husi qruplaşması tərəfindən batırılan üçüncü kommersiya gəmisidir. Eyni zamanda, bu, 2024-cü ilin dekabrından bəri Qırmızı dənizdə hədəfə alınan ilk ticarət gəmisidir.

Dəniz təhlükəsizliyi üzrə ixtisaslaşmış"Ambrey" şirkətinin məlumatına görə, gəmi Yəmənin Hodeyda sahillərində çoxistiqamətli hücuma məruz qalıb. Əvvəlcə yüngül silahlarla atəş açılıb, sonra isə pilotsuz sualtı vasitələr və raketlərdən istifadə olunub.

22 nəfərlik heyət gəmini tərk edib və yaxınlıqdan keçən digər bir kommersiya gəmisi tərəfindən xilas edilərək Cibutiyə çatdırılıb. 

Beynəlxalq Quru Yük Gəmi Sahibləri Təşkilatının (INTERCARGO) rəhbəri Con Ksailas hadisəni kəskin şəkildə pisləyib: “Dənizçilər hədəf olmamalıdır. "Magic Seas" gəmisinə edilən hücum bizi dərindən sarsıtdı. Gəmidəki heyət öz işini yerinə yetirən, qlobal ticarətin davamlılığını təmin edən günahsız insanlardır. Heç kim belə zorakılıqla üzləşməməlidir.”

Gərginliyin daha da artdığı bir zamanda, iyulun 8-də “Eternity C” adlı Liberiya bayraqlı yük gəmisinə edilən oxşar hücum nəticəsində 3 dənizçi həlak olub. Bu, 2024-cü ilin iyunundan bəri Qırmızı dənizdə ilk ölüm halıdır.

Qeyd edək ki, hücumların artması nəticəsində Qırmızı dənizdə dəniz ticarətinin həcmi 50%-dək azalıb. Hazırda bölgədən keçən gəmilər üçün son dərəcə ehtiyatlı olmaq tövsiyə edilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır