

“DP WORLD” Suriyanın Tartus limanının inkişafına 800 milyon dollar sərmayə qoyur
Birləşmiş Ərəb Əmirliklərinin “DP WORLD” (Dubay Dünya Limanları) şirkəti Suriyanın Tartus limanının inkişafına 800 milyon dollar sərmayə yatıracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə iyulun 13-də Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın iştirakı ilə, Dəməşqdə Suriyanın Quru və Dəniz Sərhəd Keçidləri üzrə Baş İdarəsi ilə DP WORLD şirkəti arasında investisiya müqaviləsi imzalanıb.
Sənədə görə, investisiya limanın genişləndirilməsi, idarə olunması, eləcə də logistika infrastrukturunun beynəlxalq standartlara uyğunlaşdırılmasına yönəldiləcək.
Baş İdarənin sədri Quteybə Bədəvi bu müqavilə ilə Suriyada liman və dənizçilik sahəsində yeni mərhələnin əsasının qoyulduğunu bildirib.
BƏƏ şirkətinin icraçı direktoru Sultan bin Səlim bildirib ki, Tartus limanı mühüm bağlantı nöqtəsi ola bilər. O, Avropaya açılan ideal qapıdır.
Müqavilə tərəflər arasında bu ilin may ayında imzalanmış Anlaşma Memorandumunun davamı olaraq imzalanıb.