

Çişuy çayı boyunca 300-dən çox bənd və kiçik su elektrik stansiyalarının 90%-i sökülüb
Çayların ekoloji reabilitasiyası ilə bağlı dünyanın ən böyük proqramı çərçivəsində Yantszının yuxarı axarının qolu olan Çişuy çayı boyunca 300-dən çox bənd və kiçik su elektrik stansiyalarının 90 faizi sökülüb.
AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, genişmiqyaslı müdaxilə təbii axının bərpasına, su ekosistemlərinin yenidən birləşməsinə və nəsli kəsilməkdə olan balıqlar üçün miqrasiya yollarının açılmasına yönəldilib.
“Xinhua” agentliyinin məlumatına görə, 2024-cü ilin sonuna qədər çay hövzəsindəki 357 bənddən 300-ü sökülüb, 373 kiçik su elektrik stansiyasından 342-si dayandırılıb. Bu tədbirlər hidroinfrastruktura görə onilliklər ərzində bağlanmış su yollarını canlandırmağa imkan verib.
“İndi Qırmızı çayın ekosistemi nadir növlərin, o cümlədən Yantszı nərəsinin çoxalması şərtlərinə cavab verir”, - deyə Çin Elmlər Akademiyasının Hidrobiologiya İnstitutundan Lü Fey qeyd edib.
2022-ci ildə vəhşi təbiətdə nəsli kəsilmiş elan edilən Yantszı nərə balığı dörddə bir əsrdə ilk dəfə təbii çoxalma əlamətləri göstərib. Alimlər 2023-2024-cü illərdə çaya iki partiya nərə balığını, 2025-ci ilin aprelində isə daha 20 yetkin balığı buraxıblar. Artıq iki həftədən sonra kürü tökmə və körpə balıqların kürüdən çıxması qeydə alınıb.
Ekoloqlar bunu Asiyanın ən böyük çayında biomüxtəlifliyin qorunması uğrunda mübarizədə dönüş nöqtəsi adlandırırlar.
Təxminən 400 km uzunluğunda olan Çişuy çayı uzun müddət nadir növlərin sonuncu sığınacağı hesab olunurdu, lakin faktiki olaraq yüzlərlə bənd və stansiyalarla “bölünmüşdü”. Bu, yaşayış mühitinin parçalanmasına, suda oksigen səviyyəsinin azalmasına və miqrasiya yollarının bağlanmasına gətirib çıxardı.
Professor Çjou Tzyantzünun sözlərinə görə, “su yollarının bərpası hətta tam sökülmədən də mümkündür - elektrik istehsalını dayandırmaq və su tullantıları rejimini dəyişdirmək kifayətdir”.
Çin çayların ekoloji bərpası ilə bağlı geniş strategiya həyata keçirir: 2020-ci ildən balıq ovu ilə bağlı on illik qadağa qüvvəyə minib, qum hasilatı məhdudlaşdırılıb, yeni layihələr üçün ciddi normalar tətbiq edilir.
Təkcə Sıçuan əyalətində son illərdə 5 mindən çox kiçik su elektrik stansiyası təmir olunub, onlardan 1200-ü istismardan çıxarılıb. Bu, artıq öz nəticələrini verib: Pekin Biomüxtəliflik Kommünikesinə əsasən, Yantszı çayı hövzəsində suyun keyfiyyəti davamlı olaraq yaxşılaşır, balıqlar, suda-quruda yaşayanlar və onurğasızlar populyasiyaları isə artmağa başlayıb.