Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-08,
Seanews
Heyder Eliyev

Baltimorda körpüyə çırpılan “Dali” gəmisinin sahibləri “Hyundai Heavy Industries” şirkətinə qarşı iddia qaldırıb

Ötən il Baltimor şəhərindəki “Francis Scott Key” körpüsünə çırpılan “Dali” gəmisinin sahibləri olan “Grace Ocean” və “Synergy Marine” gəmi istehsalçısı “Hyundai Heavy Industries”ni elektrik panelini səhv dizayn etməkdə ittiham edir və bunun qəzaya səbəb olduğunu bildirirlər.

“Seanews.az” xəbər verir ki, artıq bu məsələ ilə bağlı məhkəməyə müraciət edilib. İddialara görə, təxminən 10 santimetr uzunluğunda olan bir kabel qəza zamanı baş verən elektrik kəsintisinin əsas səbəbidir.

Məhkəmə sənədlərində qeyd olunur ki, “Hyundai Heavy Industries” elektrik panelini düzgün dizayn etməyib və siqnal kabeli terminal blokuna etibarlı şəkildə bağlanmayıb.

Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) tərəfindən hazırlanan qəzaya dair hesabatda “Dali” gəmisində qəza baş verməzdən əvvəl 12 saat ərzində 4 dəfə elektrik kəsintisinin qeydə alındığı göstərilib.

“Grace Ocean” və “Synergy Marine” iddia edir ki, kabelin bağlı olduğu qutuya çox yaxın bir etiket yapışdırıldığı üçün kabel qutudan bir qədər boşalaraq, konektorun qutuya möhkəm şəkildə yerləşdirilməsinə mane olub.

Lakin hüquq ekspertləri gəminin hadisə zamanı 9 yaşında olduğunu nəzərə alaraq, iddianın sübut edilməsinin çətin olacağını bildirirlər.

Eyni zamanda, “Grace Ocean” və “Synergy Marine” şirkətlərinə gəminin istifadəyə yararsız olması ilə bağlı bir sıra məhkəmə işləri də açılıb.

Federal prokurorlar və Merilend ştatı hakimiyyət orqanları gəminin sənədləşdirilmiş elektrik problemlərinə baxmayaraq, istismar edildiyini əsas gətirərək iddialar qaldırıblar.

Hüquq mütəxəssisi CBS News-ə açıqlamasında gəminin yaşı nəzərə alınaraq, gəmi sahibi və gəmi idarəedicisi tərəfindən qaldırılan son iddianın sübut edilməsinin çətin olduğunu bildirib. Qeyd olunub ki, bütün gəmilər 5 ildən bir yoxlanışdan keçirilir və “Dali” gəmisinin bu il ikinci yoxlaması planlaşdırılırdı.

 

Xatırladaq ki, ötən il martın 26-da səhər saatlarında Sinqapur bayrağı altında Baltimordan Kolomboya üzən “Dali” yük gəmisi “Francis Scott Key” körpüsünə çırpılmış və qəza nəticəsində körpü çökmüşdü. Səlahiyyətlilərin məlumatına görə, qəza 6 nəfərin ölümünə, bir nəfərin yaralanmasına səbəb olmuşdu. 

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır