

Nigeriyada qayıq qəzası olub, 40-dan çox insan itkin düşüb
Nigeriyanın cənub-qərbində taxta qayığın çayda aşması nəticəsində 40-dan çox insan itkin düşüb.
“Seanews.az” xəbər verir ki, adı açıqlanmayan qayıq Sokoto ştatında 50-dən çox sərnişin daşıyarkən avqustun 17-də səhər saatlarında qəzaya uğrayıb.
Ölkənin Fövqəladə Halların İdarə Olunması üzrə Milli Agentliyinin (NEMA) baş direktoru Zubaidar Umar sosial media hesabında qeyd edib ki, hadisə nəticəsində cəmi 10 nəfər xilas olunub. Digər sərnişinlərin axtarışı davam etdirilir.
Bu, son bir ayda Nigeriyada qeydə alınan ikinci böyük gəmi qəzasıdır. İyulda Niger ştatında baş verən oxşar hadisədə azı 25 nəfər həlak olmuşdu.
Son illərdə Nigeriya sərnişin gəmilərində təhlükəsizlik problemləri ilə gündəmdədir. 2024-cü ildə Nigeriya 13 qəza nəticəsində 423 ölüm halı ilə dünyada ən pis göstəricilərdən birinə sahib olub.