

“MSC Elsa 3” gəmisinin xilasetmə əməliyyatları çərçivəsində işlər davam etdirilir
Hindistanın cənubunda, Kerala sahillərində batan “MSC Elsa 3” konteyner gəmisində qalan yanacağın çıxarılması məqsədilə saturasiya dalışı əməliyyatlarına başlanılıb.
"Seanews.az" xəbər verir ki, bu barədə Hindistanın Dənizçilik üzrə Baş Direktorluğu (DGS) məlumat yayıb.
Əməliyyatları gəminin sahibi "MSC" şirkətinin və P&I sığortaçısı "North Standard"-ın tapşırığı ilə "Smit Salvage" həyata keçirir. İşlər təxminən 51 metr dərinlikdə, sahildən 14 dəniz mili məsafədə aparılır.
Şirkət yanacağın çıxarılmasının 25 sentyabradək başa çatdırılacağını planlaşdırır. Bununla belə, əlverişsiz hava şəraiti işlərin gedişatına təsir göstərə bilər.
Xatırladaq ki, “MSC Elsa 3” gəmisi 25 may tarixində Kerala sahillərində batarkən içərisində 450 ton dizel və aşağı kükürdlü yanacaq daşıdığı ehtimal edilirdi. Hadisə zamanı gəmidə olan 24 nəfərlik heyət tam şəkildə xilas edilib, lakin gəminin daşıdığı 640 konteynerin bir hissəsi sonradan Kerala sahillərinə axın etmişdi.
Kerala hökuməti hadisəni “regional fəlakət” kimi qiymətləndirib. Bundan əlavə, "MSC" şirkətinə və bəzi heyət üzvlərinə etinasızlıq və səhlənkarlıq ittihamları irəli sürülüb.