

Türkiyədə lüks yaxta suya salındıqdan 15 dəqiqə sonra batdı
Türkiyənin Zonquldak vilayətinin Ereğli rayonu sahillərində tikintisi tamamlanan 40 milyon lirə (təqribən 1 milyon 700 min manat - red.) dəyərində lüks yaxta suya salındıqdan qısa müddət sonra batıb.
Oxu.az xəbər verir ki, bu barədə "TRT Haber" telekanalı məlumat yayıb.
Bildirilir ki, inşası beş aya başa çatan və sahibinə təhvil verilən yaxta suya endirildikdən cəmi 15 dəqiqə sonra sahildən 200 metr aralıda batıb.
Hadisə zamanı yaxtanın sahibi, iki heyət üzvü və kapitan üzərək sahilə çıxa biliblər. İlkin ehtimala görə, batmaya mühəndislik səhvi səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır